• Oruc hər bir həddi-buluğa çatmış müsəlmana vacibdir:
"Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu
kimi, sizə də vacib edildi. Bəlkə, (bunun vasitəsilə) siz pis
əməllərdən çəkinəsiniz" (Qurani-Kərim, əl-Bəqərə surəsi,183).
• Orucun ərkanları: 1) Fəcrin
(sübhün) azanından gün batana qədər qadağan olunmuş şeylərdən çəkinmək;
2) Oruc tutmaq üçün niyyət, fəcrin azanından əvvəl olmalıdır.
• Orucun fəziləti: Peyğəmbər
(s.a.s) demişdir: "Cənnətdə Rayyan adlanan bir qapı var. Qiyamət günü
bu qapıdan yalnız oruc tutanlar daxil ola bilər..." (əl-Buxari, 1896).
"Ramazan ayını imanla, həm də savabını Allahdan istəyərək oruc tutan
kimsənin keçmiş günahları bağışlanır" (əl-Buxarı, 1901).
• Oruc tutan şəxs dili ilə günah etməkdən
(söyüş söymək, qeybət etmək, böhtan atmaq və s.) çəkinməlidir.
Peyğəmbər (s.a.s) demişdir: "Oruc insanla günah arasında sanki bir
pərdədir. Sizdən biriniz oruc tutduqda, pis söz danışmasın! Onu söyənə
və ya vurana: "Mən oruc tutmuşam"" desin (əl-Buxari, 1894). Peyğəmbər
(s.a.s) deyib: "Pis söz danışan və ona əməl edən şəxsin yemək-içməyini
tərk edib, oruc tutmağına uca Allahın ehtiyacı yoxdur" (əl-Buxari,
1903).
• Orucu pozan şeylər: qəsdən
qusmaq, gün batmamış oruc tutmaq niyyətindən dönmək, İslamdan çıxmaq,
bilərək yemək və içmək (əgər oruc tutan yaddan çıxararaq, yeyər və
yaxud içərsə, onun orucu pozulmur), siqaret çəkmək, saqqız çeynəmək,
qidalandırıcı iynələri vurdurmaq, bilərəkdən məni (sperma) ixrac etmək,
aybaşı və doğuşdan sonrakı qanaxma (əgər günbatandan əvvəl olubsa),
gündüz vaxtı cinsi əlaqəyə girmək.
• Orucu pozmayan şeylər: ətir
vurmaq, çimmək, iynə vurdurmaq (qidalandırıcı, yəni vitaminli
iynələrdən başqa), göz damcılarından istifadə etmək, suyu udmamaq şərti
ilə ağızı və burunu yaxalamaq, dili ilə yeməyin dadını öyrənmək, sürmə
vurmaq, tüpürcəyi udmaq (bəlğəmdən başqa), həyat yoldaşını şəhvət
olmadan öpmək (cinsi əlaqəyə girməmək şərti ilə). Ramazan ayında gecə
vaxtı yemək-içmək və həyat yoldaşı ilə cinsi əlaqəyə girmək olar. Qanın
tibbi yoxlama üçün verilməsi caizdir.
• Qədr gecəsi: Ramazan ayının axır on gününün tək günlərinə təsadüf edilir.
• Hər bir müsəlman Ramazanın axırında fitrə-zəkat verməlidir: bunun miqdarı təxminən 2,5 kq əsas yeyinti məhsulu olur (Məsələn, xurma, düyü, un, kişmiş, arpa, buğda və s.).
• Bayram namazı: orucluğun qurtarmasından sonra, səhəri gün qılınır.
Oruc tutanın, iftarını açarkən etdiyi dua:
Zəhəbə-z-zəməu vabtəlləti-l-uruq va səbətə-l-əcr in şəAllah
(Allahın istəyi ilə susuzluq keçib getdi, damarlar islandı, Onun izni ilə savabı sübuta yetdi).
Allahummə inni əsəlukə birahmətikə-l-ləti vasiat kullə şeyin ən təğfira li
(Allahım, Sənin hər şeyi əhatə edən mərhəmətinlə Sənə yalvarıram ki, məni bağışla).
Ramazan ayı haqqında daha ətraflı şəkildə
Giriş
Həqiqətən həmd (şükür və tərif) yalnız Allaha məxsusdur! Biz Ona
şükür və tərif edirik, Onu köməyə çağırırıq, Ondan bağışlanma və bizi
haqq yoluna yönəltməyi diləyirik, nəfslərimizin şərindən və pis
əməllərimizdən qorunmaq üçün yalnız Ona pənah aparırıq. Allah kimə
hidayət versə o, haqq yolunda olar və kimi də azdırsa onu haqq yoluna
yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı
olan məbud yox-dur, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Məhəmməd
Onun qulu və elçisidir.
«Ey iman gətirənlər! Allahdan lazımınca qorxun və yalnız müsəlman olduğunuz halda ölün!» («Ali İmran» surəsi, 102)
«Ey insanlar! Sizi tək bir şəxsdən [Adəmdən] xəlq edən, ondan
zövcəsini [Həvvanı] yaradan və onlardan da bir çox kişi və qadınlar
törədən Rəbbinizdən qorxun! [Adı ilə] bir-birinizdən [cürbəcür şeylər]
istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən qorxun!
Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir!» («ən-Nisa» surəsi,
1.)
«Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! [Əgər belə
etsəniz] Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər
kəs Allaha və Onun elçisinə itaət etsə, böyük bir səadətə nail olar».
(«əl-Əhzab» surəsi, 70-71)
Orucun hökmü
Sual: Oruc nə deməkdir? Cavab: Oruc - niyyət edib dan yeri
söküləndən gün batanadək (yemək-içmək, cinsi əlaqə və başqa bu kimi)
orucu pozan şeylərdən özünü saxlamaq deməkdir.
Sual: Ramazan ayında oruc tutmaq vacibdirmi? Cavab: Bəli vacibdir. Uca Allah
buyurur: "Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi
sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən)
çəkinəsiniz."("əl-Bəqərə" surəsi, 183.) "(Oruc günləri) Ramazan
ayıdır ki, onda (həmin ayda) insanlara doğru yol göstəricisi, bu yolun
və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran nazil
edilmişdir. Sizlərdən kim bu aya yetişərsə, onu (həmin ayı oruc
tutmalıdır."("əl-Bəqərə" surəsi, 185.)
Sual: Oruc tutmaq kimlərə vacibdir? Cavab: Oruc tutmağa qadir olan hər
bir həddi buluğa çatmış, ağlı başında olan müsəlman Ramazan ayının
orucunu tutmalıdır. Xəstə və müsafir olanlar isə başqa günlərdə
tutmadıqları günlərin sayı qədər oruc tutmalıdırlar. Uca Allah buyurur:
"Sizlərdən xəstə və ya səfərdə olanı varsa, başqa günlərdə eyni sayda
(oruc tutmalıdır). Allah sizin üçün asanlıq istəyir, sizin üçün
çətinlik istəmir."("əl-Bəqərə" surəsi, 185.)
Sual: Bütün oruclar eyni hökmdədirmi? Cavab: Xeyr! Hər orucun öz hökmü vardır. Oruc hökmlərə görə aşağıdakı qisimlərə bölünür:
- vacib oruclar: Ramazan ayının orucu, qəza, nəzir və kəffarə orucları;
- qadağan olunmuş oruclar: Ramazan və qurban bayramlarında, heyz və
nifas halında tutulan oruclar. Həmçinin şəkk edilən gün,(Şaban ayının
30-u yoxsa Ramazan ayının 1-i olduğunu yəqin bilməmək və həmin gün oruc
tutmaq.
) həcc ziyarətində Ərafa günü,(Zil-Hiccə ayının 9-u.) təşriq günləri
(Zil-Hiccə ayının 11-i, 12-si və 13-ü.) tutulan oruclar və xəstənin
halını ağırlaşdıran oruc da buna aiddir. Habelə ərin izni olmadan
qadının tutduğu nafilə orucu, cümə və şənbə günlərini xüsusiləşdirib
oruc tutmaq da bura daxildir;
- müstəhəb oruclar: Birinci və dördüncü günlər, hicri aylarının 13-ü,
14-ü və 15-i, Məhərrəm ayının 9-u, 10-u və 11-i, Şəvval ayının
istənilən altı günü, zil-Hiccə ayının ilk doqquz günü və hədislərdə
varid olan başqa bu kimi oruclar;
- məkruh oruclar: Xəstəyə çətinlik törədən oruc;
- mübah oruclar: Müsafirin orucu;
Niyyətin hökmü
Sual: Ramazan ayını oruc tutmaq istəyən kəs nə zaman və necə niyyət etməlidir? Cavab: Ramazan ayını oruc tutmaq
üçün ay girməmişdən niyyət etmək kifayətdir. O ki qaldı niyyət etməyə,
qeyd etmək lazımdır ki, niyyətin yeri qəlbdir, bunu tələffüz etmək isə
dində yenilikdir. Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir:
"Əməllər niyyətlərə görədir və hər kəsin niyyət etdiyi bir əməl vardır.
Kimin hicrəti Allah və Onun rəsulu (hər ikisinin buyruqlarını yerinə
yetirmək) üçündürsə, onun hicrəti (etdiyi hər bir əməl) Allah və Onun
rəsulu (hər ikisinin razılığını qazanmaq) üçündür.(Onun savabını Allah
verir.) Kimin də hicrəti dünyaya nail olmaq və ya qadınla evlənmək
üçündürsə, onun hicrəti niyyət etdiyində tamamlanır.(İstədiyinə yalnız
bu dünyada nail olur.)"(Bu hədisi Buxari və Muslim rəvayət etmişdir.)
Sual: Ramazan ayında üzrlü səbəbdən orucu pozan kəs üzr aradan qalxdıqdan sonra oruc tutmaq üçün yenidən niyyət etməlidirmi? Cavab: Bəli, etməlidir.
Sual: Ramazan ayının hər günü üçün ayrıca niyyət etmək şərtdirmi? Cavab: Məlumdur ki, Ramazan ayında
hər gün dan yeri sökülməmişdən əvvəl səhur (Oruc tutanın səhər yeməyi)
edən kəs əlbəttə, bunu oruc tutmaq üçün edir. Hərgah o, sadəcə səhər
yeməyi yemək niyyətində olsaydı, onu bu vaxt etməzdi. Səhura qalxmayıb
yatıb qalan şəxsə gəlincə, qeyd etmək lazımdır ki, Ramazan ayını oruc
tutmaq üçün ay girməmişdən niyyət etmək kifayətdir.
Sual: Orucu pozmağı qətiyyətlə niyyət edən kəsin orucu pozulurmu? Cavab: Orucu pozmağı qətiyyətlə
niyyət edən kəs heç nə yeməsə də, içməsə də belə tutduğu oruc batil
olur. Həmin şəxs orucuna davam etməli və o günün əvəzinə başqa aylarda
bir gün oruc tutmalıdır.
Sual: Həm Ramazan orucunun qəzasını, həm də nafilə orucunu niyyət edib - iki niyyətlə bir oruc tutmaq olarmı? Cavab: Buna aid heç bir dəlil-sübutun olmamağı onu göstərir ki, bunu etmək caiz deyildir.
Səhur və iftar
Sual: Səhur etmək şərtdirmi? Cavab: Xeyr! Səhur etmək müstəhəbdir
və oruc onsuz da səhih sayılır. Peyğəmbər səllallahu aleyhi və səlləm
demişdir: "Dan yeri ağarana yaxın səhur edin! Həqiqətən, səhurda
bərəkət var." (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir)
Sual: Səhuru nə vaxt etmək yaxşıdır? Cavab: Zeyd ibn Sabit (r.a)
demişdir: "Biz Peyğəmbərlə səllallahu aleyhi və səlləm birgə səhur edib
sonra namaz qıldıq. Ənəs (r.a) Zeyddən: "Namazla səhər yeməyinizin
arasında olan vaxt nə qədər idi?" – deyə soruşduqda, o dedi: "Əlli ayə
miqdarı qədər." (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir) Hədisdən
görünür ki, səhuru axır vaxtlarda etmək əfzəldir.
Sual: Əgər sübh namazının azanı verilirsə bu zaman yeməyə son qoyulmalıdırmı? Cavab: Bəli, son qoyulmalıdır. Lakin
qeyd etmək lazımdır ki, azan başladıqda əlində olan loxmanı yeyib
qurtarmaq olar. Həmçinin də qalan suyu içmək olar.
Sual: Əgər hər hansı bir şəxs Ramazan
ayında dan yeri ağarana yaxın oyanıbsa və onun boynunda cənabət qüslü
varsa bu şəxs öncə qüsl etməlidir, yoxsa səhur etməlidir? Onu da qeyd
edək ki, əgər bu şəxs öncə qüsl etsə səhura vaxt qalmayacaqdır. Eləcə
də əgər öncə səhur etsə qüslü dan yeri ağardıqdan sonra etməli
olacaqdır. Cavab: Bu şəxsin səhuru önə çəkməsi
daha əfzəldir. Çünki Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir:
"Dan yeri ağarana yaxın səhur edin! Həqiqətən, səhurda bərəkət var."
(Bu hədisi Buxari və Muslim rəvayət etmişdir) Qüslün vaxtı geniş
olduğundan onu dan yeri ağardıqdan sonra da edə bilər. Onun bu cür qüsl
etməsi oruca heç bir xələl gətirmir. Aişə (r.a) və Ummu Sələmə (r.a)
rəvayət edir ki, "Peyğəmbər səllallahu aleyhi və səlləm dan yeri
ağardıqdan sonra cənabət halında oyanar və sonra qüsl edib oruc
tutardı." (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir.)
Sual: İftarı nə vaxt etmək lazımdır? Cavab: İftarı gün batdıqdan sonra
edilir. Uca Allah buyurur: "Sonra gecəyə qədər (gün batana kimi)
orucunuzu tamamlayın." ("əl-Bəqərə" surəsi, 187)
Sual: İftarı nə vaxt etmək yaxşıdır? Cavab: İftarı gün batdıqdan dərhal
sonra etmək daha əfzəldir. Çünki Peyğəmbər səllallahu aleyhi və səlləm
hədislərin birində iftarını ilk vaxtlarda açan bəndəni belə
müjdələmişdir: "İnsanlar iftarı əvvəl vaxtında, səhuru isə axır
vaxtında yeməklə xeyrə nail olarlar." (Bu hədisi Buxari və Muslim
rəvayət etmişdir)
Sual: İftar vaxtı hansı dualar edilir? Cavab: İftar vaxtı bu dualar edilir:
"Zəhəbəz-zəməu vabtəllətil-uruq va səbətəl-əcr inşaallah"(Allahın
istəyi ilə susuzluq keçib getdi, damarlar islandı, Allah istəsə
mükafatı sübuta yetər).
"Allahümmə inni əsəlukə birəhmətikəl-ləti vasiat küllə şeyin ən təğfira
li" (Allahım, Sənin hər şeyi əhatə edən mərhəmətinlə Sənə yalvarıram
ki, məni bağışla).
Sual: Təyyarədə olan şəxs nə vaxt iftar etməlidir? Cavab: Əgər hər hansı bir şəxs gün
batdıqdan sonra iftarını edib təyyarəyə minərsə, təyyarə göyə
qalxdıqdan sonra günəşi görsə də belə orucu səhih sayılır. Əgər bu şəxs
təyyarədə olarkən hələ günəş batmamışdırsa, onda iftarını günəş
batdıqdan sonra edir.
Sual: Hər kim Ramazan ayının başladığını dan yeri ağardıqdan sonra xəbər tutubsa o nə etməlidir? Cavab: Bu şəxs günün qalan hissəsini
oruc tutmalıdır. Bu günün qəzasını sonradan tutmağa gəldikdə isə,
alimlər bu barədə ixtilaf etmişlər. Əksər alimlərin fikrincə bu günün
qəzası sonradan tutulmalıdır. Çünki bu şəxs günün müəyyən bir hissəsini
niyyətsiz keçirmişdir. Əməllər isə niyyətlərə görədir.
Sual: Hər kim Ramazan əsnasında İslam dinini qəbul etmişsə ona tutmadığı günlərin qəzasını tutmaq vacibdirmi? Cavab: Xeyr, vacib deyil. Çünki
əvvəl o, qafil idi və oruc tutmaq da ona vacib deyildi. Odur ki, İslamı
qəbul edən şəxs, əvvəl etmədiyi saleh əməllərin qəzalarını yerinə
yetirmir. Uca Allah buyurur: "Kafir olanlara de: "Əgər onlar (öz
küfrlərindən) əl çəksələr, keçmişdəki günahları bağışlanır."
("əl-Ənfal" surəsi, 38)
O ki qaldı İslamı günorta qəbul etmiş kimsəyə, o, günün qalan hissəsini
oruc tutur və onun orucu kamil oruc sayılır. Bu şəxs, həmin günün
qəzasını tutmur. Çünki ona İslamı qəbul edənə qədər heç bir əməl vacib
deyildi.
Sual: Əgər bir şəxs üzrlü səbəbdən orucunu açarsa və həmin gün də üzür aradan qalxarsa, o nə etməlidir? Cavab: Bu şəxs yemək-içməyinə davam
etməlidir. Oruca yenidən davam etmək isə ona vacib deyildir. Çünki
həmin gün bu şəxsə yeyib-içmək üzrlü səbəbdən halal olmuşdur.
Yeyib-içməyin ona yenidən haram olması barədə isə heç bir dəlil yoxdur.
Lakin bu şəxs həmin günün qəzasını sonradan tutmalıdır.
Sual: Oruclu halda unudub yemək yeyən şəxs nə etməlidir? Cavab: Bu şəxs xatırlayan kimi
dərhal orucuna davam etməlidir. Bu halda onun orucu düzgün sayılır və
ona sonradan qəza tutmağa ehtiyac yoxdur. Peyğəmbər səllallahu aleyhi
və səlləm demişdir: Kim oruclu halda unudub yemək yeyərsə və ya bir şey
içərsə orucuna davam etsin. Çünki onu yedirdən də, içirdən də
Allahdır."(Bu hədisi Buxari və Muslim rəvayət etmişdir)
Oruc tutanlar.
Birinci: Uşaq, ruhi xəstə, yaşlılar və zəiflər.
Sual: Uşağa nə vaxtdan oruc tutmaq vacibdir? Cavab: Uşaq həddi buluğa çatdıqdan
sonra ona oruc tutmaq vacibdir. Peyğəmbər səllallahu aleyhi və səlləm
demişdir: "Üç şəxsin üzərindən qələm qaldırılıb (onlara günah
yazılmır): Həddi buluğa çatmamış uşaq, ruhi xəstə və yuxuda olan
şəxs..."(Bu hədisi Əbu Davud rəvayət etmişdir)
Sual: Uşaq oruc tutarsa onun bu orucu səhihdirmi? Bu orucun savabı kimə yazılır? Cavab: Onun orucu səhihdir və bu orucun savabı həm uşağa həm də valideynə yazılır.
Sual: Yaşlı insanlara oruc tutmaq hansı yaşlarından vacib deyildir? Cavab: Yaşlı insan, oruc tutmağı
bacarmadığı gündən etibarən orucunu tərk edir və oruc tutmadığı hər
günün əvəzinə bir kasıb yedizdirir. Uca Allah buyurur: "Oruc tutmağa
taqəti olmayanlar isə [buraxdığı hər gününün əvəzinə] bir yoxsulu
yedirtməklə fidyə verməlidirlər."("əl-Bəqərə" surəsi, 184)
Sual: Əgər insan ağlını itirərsə, ona oruc tutmaq vacibdirmi, tutmadığı günlərin əvəzinə fidyə verməlidirmi? Cavab: Xeyr, bu halda ona nə namaz,
nə də oruc vacibdir. Eləcə də oruc tutmadığına görə fidyə vermək ona
vacib deyildir. Amma bu cür şəxslərə öz mallarından zəkat vermək
vacibdir. Çünki zəkat malın özü ilə bağlıdır. Ona görə də bu cür
insanları himayə edən hər bir şəxs onların mallarından zəkat
verməlidir. Uca Allah buyurur: "Onların mallarından sədəqə (zəkat) al.
Bununla onları (günahlardan) təmizləmiş, pak etmiş (mallarına bərəkət
vermiş, əməllərinin savabını artırmış) olarsan."("ət-Tövbə" surəsi, 103)
İkinci: Xəstələr.
Sual: Xəstəyə oruc tutmaq vacibdirmi? Cavab: Əgər bu şəxsin xəstəliyi
xroniki (sağalmayan) xəstəlikdirsə və oruc tutmaq ona zərər verirsə, o,
orucu tərk etməli və tutmadığı hər günün əvəzinə bir kasıb
yedizdirməlidir. Əgər onun xəstəliyi xroniki deyilsə, onda o, xəstə
olduğu müddətdə oruclarını tərk etməli və sağaldıqdan sonra həmin
günlərin qəzasını tutmalıdır. Uca Allah buyurur: "Müəyyən sayda olan
günləri [oruc tutmalısınız]. Sizlərdən xəstə və ya səfərdə olanı varsa,
başqa günlərdə eyni sayda [oruc tutmalıdır]. Buna taqəti olmayanlar isə
[buraxdığı hər gününün əvəzinə] bir yoxsulu yedirtməklə fidyə
verməlidirlər." ("əl-Bəqərə" surəsi, 184)
Sual: Əgər həkim hər hansı bir xəstəyə bir neçə il oruc tutmağa icazə vermirsə bu şəxs nə etməlidir? Cavab: Əgər bu həkim öz ixtisasında
mahirdirsə və eyni zamanda etibarlı həkimdirsə onun dediklərinə tabe
olmaq lazımdır. Tuta bilmədiyi günlərin qəzasına gəlincə, əgər bu
şəxsin xəstəliyi sağalan xəstəlikdirsə o, həmin günlərin qəzasını
sağaldıqdan sonra dərhal tutmalıdır. Hətta bu günlərin sayı bir neçə ay
olsa da belə. Əgər bu şəxs sağaldıqdan sonra qarşıdan gələn Ramazan
ayına qədər qəzalarını tutmayıbsa qəzalarla bərabər həmin günlərin sayı
qədər kasıb da yedizdirməlidir.
Əgər bu şəxsin xəstəliyi xroniki xəstəlikdirsə, onda o, oruc tutmadığı günlərin sayı qədər kasıb yedizdirməlidir.
Sual: Hansı xəstəliklərə görə orucu tərk etmək olar? Cavab: Əgər oruc tutmaq insanın hər
hansı bir xəstəliyini artırarsa, və ya xəstəliyinin sağalmasına əngəl
törədərsə, yaxud həmin şəxsə əziyyət verərsə, və yaxud da xəstəliyin
sağalmasını gecikdirərsə bu şəxs sağalana qədər orucu tərk edir.
Üçüncü qisim: Müsafir.
Sual: Müsafir üçün oruc tutmaq əfzəldir, yoxsa onu tərk etmək? Xüsusən də heç bir çətinlik olmayan səfərdə. Cavab: Ümumiyyətlə, səfər ağır da
olsa, yüngül də olsa müsafir üçün oruc tutmamaq daha əfzəldir. Həmzə
bin Amr əl-Əsləmi Peyğəmbərə səllallahu aleyhi və səlləm belə dedi: "Ey
Allahın elçisi! Mən səfərdə olarkən özümdə oruc tutmağa qüvvə hiss
edirəm. Əgər oruc tutsam mənə günah olarmı?" Peyğəmbər səllallahu
aleyhi və səlləm ona belə cavab verdi: "Bu Allahdan (müsəlmanlara olan)
rüsxətdir. Kim onu götürərsə yaxşı iş görmüş olar. Kim də oruc tutmaq
istəyərsə ona heç bir günah olmaz."("əl-Bəqərə" surəsi, 184) Lakin kim
səfərdə olarkən oruc tutarsa, heç bir ziyanı yoxdur. Çünki Peyğəmbərdən
səllallahu aleyhi və səlləm səfərdə olarkən həm oruc tutmağı, həm də
tutmamağı varid olmuşdur. Səhabələr də belə etmişlər. Ənəs ibn Malik
demişdir: "Biz Ramazan ayında Peyğəmbərlə səllallahu aleyhi və səlləm
birgə səfərdə idik və bizlərdən bəziləri oruc tutmuş, digərləri isə
tutmamışdı. Nə oruc tutan tutmayanı, nə də tutmayan tutanı
qınayardı."(Bu hədisi Buxari və Muslim rəvayət etmişdir) Lakin
səfər ağır və məşəqqətli olarsa müsafirin oruc tutması məkruh sayılır.
Çünki Peyğəmbər səllallahu aleyhi və səlləm bir dəfə səfərdə ikən oruc
tutan və istinin şiddətindən əziyyət çəkən bir kişini görüb belə dedi:
"Səfərdə oruc tutmaq heç də yaxşı əməl deyil."(Bu hədisi Buxari və
Muslim rəvayət etmişdir)
Sual: Ramazan ayında səfərdə olarkən günorta vaxtı həyat yoldaşı ilə cinsi əlaqəyə girmək olarmı? Cavab: Ramazan ayında səfərdə olan
şəxs orucunu, orucu pozan amillərdən hər hansı biri ilə poza bilər.
Çünki oruc tutmaq onun üçün heç də vacib deyildir. Uca Allah buyurur:
"Sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa
günlərdə oruc tutmalıdırlar."("əl-Bəqərə" surəsi, 184) Lakin bu şəxs
sonradan həmin günün qəzasını tutmalıdır.
Sual: Oruc tutan şəxs həmin gün ərzində səfərə çıxarsa, orucunu poza bilərmi? Cavab: Bəli, poza bilər.
Sual: Səfər üçün müəyyən bir müddət varmı? Bu müddət bitdikdən sonra oruc tutmaq vacibdirmi? Cavab: Səfər üçün müəyyən bir müddət
yoxdur. Odur ki, müsafir səfərdən qayıdana qədər Allahın ona verdiyi
rüsxətdən istifadə edə bilər. Peyğəmbər səllallahu aleyhi və səlləm
Ramazan ayının iyirmisi Məkkəyə daxil olmuş və (müsafir olduğu üçün) bu
ayın axırına qədər oruc tutmamışdır.(Bu hədisi Buxarı rəvayət etmişdir)
Sual: Oruc tutmayan müsafir gün batmamışdan əvvəl səfərdən qayıtsa, günün qalan hissəsini oruc tutmalıdırmı? Cavab: Xeyr, tutmamalıdır. Lakin həmin günün qəzasını tutmalıdır.
Sual: Orucu pozmaq niyyəti ilə səfərə çıxmağın hökmü nədir? Cavab: Bu, hiylə olduğu üçün haram sayılır.
Dördüncü qisim: Heyz və ya nifas halında olan qadın.
Sual: Heyz və nifasa görə orucunu tərk edən qadın onun qəzasını tutmalıdırmı? Cavab: Bəli tutmalıdır. Aişə (r.a)
rəvayət edir ki, "Biz heyzli olarkən orucu və namazı tərk edərdik.
Sonra isə bizə yalnız orucun qəzasını tutmaq əmr olunardı."(Bu hədisi
Buxari və Muslim rəvayət etmişdir)
Sual: Heyz və nifas halında olan qadın gündüz vaxtı bundan təmizlənsə, günün qalan hissəsini oruc tutmalıdırmı? Cavab: Xeyr, tutmamalıdır. Lakin həmin günün qəzasını tutmalıdır.
Sual: Qadın gün batmamışdan əvvəl heyz və ya nifas olarsa, həmin günün qəzasını tutmalıdırmı? Cavab: Bəli, tutmalıdır.
Sual: Qadın dan yeri ağarmamışdan
əvvəl heyz və ya nifasdan təmizlənib oruc tutsa və gün ərzində
paltarında sarı ləkə görsə həmin günün qəzasını tutmalıdırmı? Cavab: Xeyr! Ummu Atiyyə (r.a)
rəvayət edir ki, "Biz (heyzdən) təmizləndikdən sonra bulanıq və ya sarı
ləkəni bir şey saymazdıq."(Bu hədisi Buxari və Muslim rəvayət etmişdir)
Beşinci qisim: Hamilə və ya süd verən qadın.
Sual: Hamilə və ya süd verən qadın məşəqqətə görə tutmadığı orucların qəzasını tutmalıdır, yoxsa buna görə kəffarə ödəməlidir? Cavab: Hamilə və süd verən qadının
halı xəstənin və müsafirin halına bənzəyir. Odur ki, o, sonradan bu
orucların qəzasını mütləq tutmalıdır. Peyğəmbər səllallahu aleyhi və
səlləm demişdir: "Həqiqətən, Allah müsafirə orucu və namazın yarısını,
hamilə və süd verən qadına isə orucu keçmişdir."(Bu hədisi Əhməd və
"Sünən" əsərlərinin müəllifləri rəvayət etmişlər) Bu rəyi dəstəkləyən
alimlər:
Mücahid,(Beyhəqinin "Sunən" əsəri, 4/230-231)
İkrimə,(Abdurrəzzaqın "Musannəf" əsəri, 7564)
Həsənul-Basri və İbrahim ən-Nəxəi,("Fəthul-Bari" 8/225 – "əl-Bəqərə"
surəsi, 184-cü ayənin təfsiri; Beyhəqinin "Sunən" əsəri, 4/230-231.)
əl-Əvzai,("Fəthul-Bari" 8/226 – "əl-Bəqərə" surəsi, 184-cü ayənin təfsiri;)
Malik, Şafii və Əhməd,(Şövkaninin "Neylul-Əvtar" əsəri, 4/273; Tirmizinin "Sunən" əsəri, 3/94)
ibnul-Qeyyim,("Zadul-Məad" 2/30-31)
Xəttabi,("Avnul-Məbud" 6/309)
əl-Mubarakfuri,("Töhvətul-Əhvvəzi" 3/329-331)
ibn Baz,(Useyminin fətvaları, 1/540-541)
Useymin və başqaları.(Ləcnənin fətvaları, 1/540-541)
Sual: Doğuşdan əvvəl hamilə qadından gələn su orucu pozurmu? Cavab: Xeyr, pozmur.
Orucu pozan və pozmayan amillər
Sual: Orucu nələr pozur? Cavab: Orucu aşağıdakılar pozur:
- cinsi əlaqə;
- yemək və içmək;
- bədəni qüvvətləndirən iynələr, buruna damızdırılan dərmanlar və başqa bu kimi yemək-içməyə bənzər şeylər;
Uca Allah buyurur: "İndi isə onlara [qadınlara] yaxınlaşın və Allahın
sizin üçün müəyyən etdiyini istəyin [övlada və s. nail olmağa çalışın].
Dan yeri söküləndə ağ sap [şəfəq] qara sapdan [gecənin qaranlığından]
seçilənə qədər yeyin-için. Sonra gecəyə qədər [gün batana kimi]
orucunuzu tamamlayın."("əl-Bəqərə" surəsi, 187)
- şəhvətlə bilərəkdən məni (sperma) ifraz etmək;
Uca Allah qüdsi hədisdə buyurur: "Oruc tutan kəs yemək-içməyini və
şəhvətini Mənə görə tərk edir."(Bu hədisi Buxari rəvayət etmişdir)
- özünü qusdurmaq;
Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: "Hər kim qəsdən özünü
qusdursa, bunun qəzasını tutsun."(Bu hədisi Əhməd və "Sünən"
əsərlərinin müəllifləri rəvayət etmişlər)
- heyz və nifas qanı.
Aişə (r.a) rəvayət edir: "Biz heyzli olarkən orucu və namazı tərk
edərdik. Sonra isə bizə yalnız orucun qəzasını tutmaq əmr olunardı."(Bu
hədisi Buxari və Muslim rəvayət etmişdir)
Qeyd etmək lazımdır ki, bunlar orucu yalnız üç şərtlə pozur. Şərtlər isə aşağıdakılardır:
1. Oruc tutan şəxs onu pozan şeylər barədə məlumatlı olmalıdır;
2. Oruc tutmaq onun xatirində olmalıdır;
3. O, orucu qəsdən pozmalıdır.
Bundan belə nəticə çıxır ki, elmsiz olaraq, yaxud unudaraq, yaxud da
zorla vadar edilərək orucu pozan şəxsin orucu səhih sayılır və həmin
günün qəzasını tutmaq lazım gəlmir. Bu xüsusda Peyğəmbər səllallahu
aleyhi və səlləm demişdir: "Həqiqətən, Allah mənim ümmətimə
bilməyərəkdən, unutqanlıqdan və məcburiyyət qarşısında etdiklərini
bağışlamışdır."(Bu hədisi ibn Macə rəvayət etmişdir)
Yuxarıda qeyd olunanlardan - cinsi əlaqə müstəsna olmaqla - hər hansı
bir yolla orucu pozan şəxs bunun əvəzinə yalnız bir gün oruc
tutmalıdır. Cinsi əlaqəyə gəlincə, qeyd etmək lazımdır ki, onun cəzası
fərqlidir. Belə ki, bu günaha görə hər ikisi həm tövbə etməli, həm bir
gün onun qəzasını tutmalı, həm də kəffarə olaraq ya qul azad etməli, ya
altmış gün ardıcıl oruc tutmalı, ya da altmış kasıbı yedirtməlidir.
Peyğəmbər səllallahu aleyhi və səlləm Ramazan orucunda cinsi əlaqəyə
girən şəxsə bunları əmr etmişdir.(Buna aid hədisi Buxari və Muslim
rəvayət etmişdir) Lakin qeyd etmək lazımdır ki, onlardan biri digərini
buna məcbur etsə məcbur olunan tərəfin orucu pozulmur.
Sual: Başqa aylarda qəza və ya nafilə orucunu tutarkən cinsi əlaqədə olan şəxs nə etməlidir? Cavab: Vacib orucun qəzasını tutan
şəxs sadəcə onun qəzasını yenidən tutmalı və heç bir kəffarə
ödəməməlidir. Belə ki, kəffarə yalnız Ramazan ayının hörmətinə görə
ödənilir. O ki qaldı nafilə orucuna, onun qəzasını tutmaq vacib deyil.
Sual: Oruc tutan müsafir səfərdə ikən cinsi əlaqəyə girsə, kəffarə ödəməlidirmi? Cavab: Xeyr, o, başqa aylarda yalnız bunun əvəzinə bircə gün oruc tutmalıdır.
Sual: Oruc tutan kəs gündüz yuxudan oyanıb pollyusiya (Yuxuda olarkən sperma ifraz etmək.) halında olduğunu görsə nə etməlidir? Cavab: O, oruc tutmağına davam etməlidir. Belə ki, bunun oruca heç bir aidiyyəti yoxdur.
Sual: Onanizmlə məşğul olmaq və məni ifraz etmək orucu batil edirmi? Cavab: Əlbəttə, belə bir iş tutanın
orucu batildir və o, bunun qəzasını tutmalıdır. Bundan əlavə o, iki
şeyə görə tövbə etməlidir. Birincisi orucunu pozduğuna görə, ikincisi
isə onanizmlə məşğul olduğu üçün. Belə ki, bunu – zəruri hallar (Analiz
vermək və s.) müstəsna olmaqla digər hallarda – etmək haramdır. Bu
haqda Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: "Ey cavanlar!
Sizlərdən kimin evlənməyə imkanı varsa, qoy evlənsin. Həqiqətən, o,
gözü daha yaxşı qoruyur, ayıb yerlərini daha gözəl mühafizə edir.
İmkanı olmayan isə oruc tutsun. Doğrudan da, onun (haramdan) qorumaq
təsiri vardır." (Bu hədisi Buxari rəvayət etmişdir)
Sual: Qusmaq orucu pozurmu? Cavab: Xeyr, pozmur. Bu xüsusda
mötəbər hədisdə deyilir: "Hər kim (iradəsindən asılı olmadan) qussa,
onun qəzasını tutmamalı, kim də qəsdən özünü qusdursa, bunun əvəzini
tutmalıdır." (Bu hədisi Əhməd və "Sünən" əsərlərinin müəllifləri Əbu
Davud rəvayət etmişlər)
Sual: Şəhvətsiz məni ifraz edən kəsin orucu pozulurmu? Cavab: Xeyr, pozulmur.
Sual: Öpüşmək və mazaqlaşmaq orucu pozurmu? Cavab: Xeyr, pozmur. Aişə rəvayət
edir ki, Peyğəmbər səllallahu aleyhi və səlləm oruclu ola-ola
zövcələrini öpərdi. (Bu hədisi Əhməd rəvayət etmişdir)
Sual: Öpüşmək və mazaqlaşmaq nəticəsində məni və ya məzi ifraz edən şəxs nə etməlidir? Cavab: Məni ifraz edən şəxs bunun
qəzasını tutmalı və heç bir kəffarə ödəməməlidir. Məzi ifraz edənə
gəlincə, qeyd etmək lazımdır ki, bu, ixtilaflı məsələdir. Hənəfi və
Şafii məzhəblərinə görə oruc pozulmur. İbn Teymiyyə bu haqda demişdir:
"Öpüşmək, mazaqlaşmaq və ya dönə-dönə baxmaq nəticəsində məzi ifraz
etmək orucu pozmur. Bu isə Əbu Hənifənin, Şafiinin və bəzi Hənbəlilərin
rəyidir." (İbn Teymiyyənin "İxtiyarat" əsəri, səh. 108) Həmçinin İbn
Baz, İbn Useymin və bir çox müasir alimlər bu fikirdədirlər.
Sual: Dişlərin dibindən, burundan, boğazdan və sair bədən üzvlərindən çıxan qanı udmaq orucu pozurmu? Cavab: Xeyr pozmur.
Sual: Analiz üçün qan vermək orucu pozurmu? Cavab: Xeyr, pozmur.
Sual: İstihazə və babasil xəstəliyi
nəticəsində, habelə dişlərin dibindən, burundan, boğazdan və sair bədən
üzvlərindən çıxan qan orucu pozurmu? Cavab: Xeyr, pozmur. O ki qaldı heyz
və nifasa, qeyd etmək lazımdır ki, bunun orucu pozmasına dair mötəbər
hədislər varid olmuşdur. Yuxarıda qeyd olunanların orucu pozması barədə
isə heç bir dəlil gəlməmişdir.
Sual: Yaralılara və xəstələrə vurmaq üçün qan vermək orucu pozurmu? Cavab: Xeyr, pozmur. İmkan varsa
bunu iftardan sonraya saxlamaq yaxşıdır. Bunu təxirə salmaq mümkün
deyilsə yaralılara və xəstələrə vaxtında yardım etmək gərəkdir.
Sual: Diş çəkdirmək, onu müalicə etmək, ona iynə vurmaq orucu pozurmu? Cavab: Xeyr, pozmur.
Sual: Tüpürcəyi, bəlğəmi və ya burundan axan seliyi udmaq orucu pozurmu? Cavab: Xeyr, pozmur.
Sual: Ağrı kəsici, sakitləşdirici və bu kimi iynələr vurmaq orucu pozurmu? Cavab: Xeyr, pozmur. Və bunun
damara, yaxud əzələyə vurulması heç bir əhəmiyyət kəsb etmir. Əvvəldə
qeyd etdiyimiz kimi yalnız bədəni qüvvətləndirən iynələr orucu pozur.
Sual: Misvakla dişləri təmizləmək, onun tərkibində olan suyu udmaq orucu pozurmu? Cavab: Xeyr, pozmur. Amir ibn Rabiyə
(r.a) deyir: "Peyğəmbərin səllallahu aleyhi və səlləm oruclu ola-ola
misvakla dişlərini təmizlədiyini dəfələrlə görmüşəm." (Bu hədisi Buxari
rəvayət etmişdir)
Sual: Diş mə′cunundan istifadə etmək olarmı? Cavab: Onu udmamaq şərti ilə istifadə etmək olar.
Sual: Oruclu ola-ola ətir vurmaq və ya onu iyləmək olarmı? Cavab: Bəli, olar. Lakin qeyd etmək lazımdır ki, tüstü verən ətirləri iyləməkdən çəkinmək gərəkdir.
Sual: Qulağa və gözə dərman tökmək orucu pozurmu? Cavab: Burundan fərqli olaraq qulağa
və gözə dərman tökmək orucu pozmur. Belə ki, Peyğəmbər səllallahu
aleyhi və səlləm bu haqda heç nə deməmişdir. Lakin oruc tutanın burnuna
su almağı barədə bu sözləri söyləmişdir: "(Dəstəmaz aldıqda) oruclu hal
istisna olmaqla (digər hallarda) burnuna suyu çox al."(Bu hədisi Əhməd
rəvayət etmişdir)
Sual: Oruclu ikən sürmə, xına, lak, müxtəlif kremlər və yağlar və sair ənlik-kirşandan istifadə etmək olarmı? Cavab: Bəli, olar. Lakin qeyd etmək
lazımdır ki, dodaq boyasından istifadə etməkdən çəkinmək lazımdır. Belə
ki, onun mədəyə düşmək ehtimalı çoxdur.
Sual: Qadına şəhvətlə baxmaq orucu pozurmu? Cavab: Əvvəla qeyd etmək lazımdır
ki, kişi şəhvətlə yalnız öz qadınına baxa bilər. Qaldı ki, onun digər
qadınlara baxmasına, bu haramdır. Doğrudur bu əməl orucu pozmur, lakin
onun savabını azaldır. Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir:
"Hər kim günah sözlərdən, cahillikdən və ona əməl etməkdən əl çəkməsə,
yemək-içməyini tərk etməsinə Allahın ehtiyacı yoxdur." (Bu hədisi
Buxari rəvayət etmişdir)
Sual: Söyüş söymək, qeybət etmək, söz gəzdirmək və sair bu kimi pis əməllər orucu batil edirmi? Cavab: Xeyr, batil etmir. Yalnız
savabını azaldır. "Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib
edildiyi kimi sizə də oruc tutmaq vacib edildi ki, bəlkə [pis
əməllərdən] çəkinəsiniz." ("əl-Bəqərə" surəsi, 183) "Sizlərdə biri oruc
tutduğu gün söyüş söyməsin..."(Bu hədisi Buxari və Muslim rəvayət
etmişdir)
Sual: Yatmaq orucu pozurmu? Cavab: Xeyr, pozmur. Lakin hər bir müsəlmana Ramazan ayından maksimum istifadə etmək və vaxtını yatmaqla keçirməmək daha xeyirlidir.
Sual: Oruclu ola-ola çimmək olarmı? Cavab: Bəli, olar. Belə ki,
Peyğəmbər səllallahu aleyhi və səlləm oruclu ola-ola çimərdi. Əlbəttə,
bu cür məsələlərdə ifrata varmaq olmaz. Əksinə, hər bir müsəlman
Allahın verdiyi rüsxətdən istifadə etməlidir. Peyğəmbər səllallahu
aleyhi və səlləm demişdir: "Şübhəsiz ki, bu din asanlıqdır. Elə bir
kimsə yoxdur ki, dini çətinləşdirsin və o həmin şəxsi (aciz edərək)
məğlub etməsin. Orta mövqe tutun (ifrata və təfritə varmayın)!
(İbadətləri tam yerinə yetirə bilməsəniz də bacardığınız qədər ona)
yaxınlaşın! (Az da olsa davamlı əməllərinizə görə) sevinin! Səhər-axşam
və gecənin bir hissəsində (davamlı ibadət etməklə Allahdan) kömək
diləyin!"(Bu hədisi Buxari rəvayət etmişdir)
Sual: Siqaret çəkmək orucu pozurmu? Cavab: Əlbəttə ki, pozur və o, bunun
qəzasını tutmalıdır. Bundan əlavə o, iki şeyə görə tövbə etməlidir.
Birincisi orucunu pozduğuna görə, ikincisi isə siqaret çəkdiyinə görə.
Belə ki, siqaret çəkmək haramdır.
Sual: Astma (təngnəfəslik) xəstəliyi olan şəxsin aerozol şəklində olan dərmanlardan istifadə etməsi orucu pozurmu? Cavab: Xeyr, pozmur.
Sual: Oruclu ola-ola şam, imalə və başqa bu kimi müalicə vasitələrindən istifadə etmək orucu pozurmu? Cavab: Xeyr, pozmur.
Sual: Oruc vaxtı dəstəmaz və ya qüsl aldıqda boğaza su getsə oruc pozulurmu? Cavab: Qəsdən bunu etmək orucu
pozur. Odur ki, ağız və burunu yaxaladıqda ehtiyatlı olmaq gərəkdir.
Qaldı ki istəmədən suyun boğaza getməsinə, bu nəinki orucu pozmur, heç
savabına belə xələl gətirmir.
Sual: Havada olan tozları udmaq orucu pozurmu? Cavab: Xeyr, pozmur.
Sual: Yeməyin dadına baxıb sonra onu tüpürmək orucu pozurmu? Cavab: Xeyr, pozmur.
Sual: Saç qırxdırmaq, dırnaq tutmaq, qoltuqaltında və qasıqda olan tükləri qırxmaq orucu pozurmu? Cavab: Xeyr, pozmur.
Sual: Bədəndə olan sızanağı sıxmaq orucu pozurmu? Cavab: Xeyr, pozmur.
Sual: Heç bir səbəb olmadan orucu pozmaq olarmı? Cavab: Səbəbsiz yalnız nafilə orucunu pozmaq olar.
Sual: Saqqız çeynəmək orucu pozurmu? Cavab: Dadsız saqqızı çeynəmək orucu
pozmur. Dadı olan saqqıza gəlincə, qeyd etmək lazımdır ki, yalnız onun
tərkibində olan maddəni udmaq orucu pozur.
Sual: Qan almaq və ya aldırmaq orucu pozurmu? Cavab: Xeyr, pozmur. Belə ki,
Peyğəmbər səllallahu aleyhi və səlləm oruclu ola-ola qan
aldırmışdır.(Bu hədisi Buxari rəvayət etmişdir)
Qəza və kəffarənin hökmləri
Sual: Qəzaya qalan orucu nə zaman tutmaq lazımdır? Cavab: Qəza orucunu Ramazan ayından
sonra dərhal tutmaq əfzəl, növbəti Ramazana qədər təxirə salmaq isə
caizdir. Aişə (r.a) rəvayət edir ki: "Mənim Ramazan ayından orucum
qəzaya qalardı və mən onun qəzasını Şaban ayında tutardım."(Bu hədisi
Buxari və Muslim rəvayət etmişdir)
Sual: Uzun müddət qəsdən, hökmü inkar edərək oruc tutmayan şəxs nə etməlidir? Cavab: O, bu günaha görə yalnız
tövbə etməli və heç bir qəza orucu tutmamalıdır. Belə ki, hər bir
ibadətin öz vaxtı olduğu kimi orucun da öz vaxtı vardır. Odur ki, onu
üzrsüz olaraq vaxtından gec yerinə yetirməyin də heç bir faydası
yoxdur. Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: "Bizim işimizə
[dinimizə] müvafiq olmayan bir əməl edən kimsənin etdiyi əməl rədd
edilir."(Bu hədisi Muslim rəvayət etmişdir)
Sual: Qəzaya qalan orucları növbəti Ramazana qədər tutmayan şəxs nə etməlidir? Cavab: Əgər o, bunu səhlənkarlığı
üzündən edibsə, onda tövbə etməklə yanaşı orucların qəzasını tutmalı və
kəffarə olaraq buraxdığı hər günün əvəzinə 510 qr. miqdarında yeməklə
bir kasıbı yedirtməlidir.
Sual: Üzrlü səbəbə görə orucu tərk etmiş və qəzasını tutmaq ona müyəssər olmazdan əvvəl vəfat etmiş kimsənin hökmü nədir? Cavab: Onun əvəzinə oruc tutmaq və ya kəffarə ödəmək vacib deyil.
Sual: Xəstəliyin davamlı olması
ehtimalı ilə həkimin qoyduğu qadağaya əsasən orucu tərk edib kəffarə
ödəmiş kimsə bir müddət sonra sağalsa, buraxdığı orucların qəzasını
tutmalıdırmı? Cavab: Xeyr, tutmamalıdır.
Sual: Bilmədən geri qalmış saata etimad edib səhuru gec yeyən kəsin orucu qəbuldurmu? Cavab: Bəli, qəbuldur.
Sual: Kəffarə yalnız bir nəfərə verilə bilərmi? Cavab: Bunda heç bir məhdudiyyət yoxdur və o, istənilən sayda adama verilə bilər.
Sual: Ölən şəxsin yerinə kəffarə və ya qəzaya qalmış orucu tutmaq olarmı? Cavab: Bəli, olar? Bu xüsusda
Peyğəmbər səllallahu aleyhi və səlləm belə buyurmuşdur: "Hər kim
boynunda oruc olduğu halda vəfat etsə, varisi onun əvəzinə oruc
tutsun!"(Bu hədisi Buxari və Muslim rəvayət etmişdir)
Sual: Oruc tutmağa qüdrəti çatmayan xronik xəstələr kəffarəni necə verməlidirlər? Cavab: Onlar hər günün əvəzinə 510
qr. miqdarında yeməklə bir kasıbı yedirtməlidirlər. Uca Allah buyurur:
"Müəyyən sayda olan günləri [oruc tutmalısınız]. Sizlərdən xəstə və ya
səfərdə olanı varsa, başqa günlərdə eyni sayda [oruc tutmalıdır]. Buna
taqəti olmayanlar isə [buraxdığı hər gününün əvəzinə] bir yoxsulu
yedirtməklə fidyə verməlidirlər."("əl-Bəqərə" surəsi, 184)
Sual: Qəzaya qalmış orucu dalbadal tutmaq vacibdirmi? Cavab: Xeyr, vacib deyil. Bu orucları istənilən şəkildə tutmaq olar.
Sual: Qəzaya qalmış orucu cümə və ya şənbə günü tutmaq olarmı? Cavab: Bəli, olar. Bu günlərdə xüsusilə oruc tutmağa qoyulmuş qadağa yalnız nafilə oruclarına aiddir.
Sual: Kəffarə olaraq iki ay dalbadal oruc tutan şəxs bu arada hər hansı səbəbdən orucu pozsa nə etməlidir? Cavab: Heyz, nifas və s. üzrlü səbəbə görə pozsa, sonradan orucuna davam etməli, üzrsüz olaraq onu pozsa yenidən başlamalıdır.
Nafilə orucları
Sual: Şəvval ayında olan altı gün orucu ardıcıl tutmaq vacibdirmi? Cavab: Xeyr, bunu ay ərzində istənilən şəkildə etmək olar.
Sual: Ərafa günü oruc tutmaq olarmı? Cavab: Bəli, olar. Yalnız həcc ziyarətində olan şəxsə həmin gün oruc tutmaq qadağandır.
Sual: Aşura orucunu hansı günlərdə tutmaq lazımdır? Cavab: Bunu aşağıdakı günlərdə tutmaq olar:
- Məhərrəm ayının 10-u;
- Məhərrəm ayının 9-u və 10-u, yaxud 10-u və 11-i;
- Məhərrəm ayının 9-u, 10-u və 11-i.
Sual: İl boyu oruc tutmaq olarmı? Cavab: Xeyr, olmaz.
Sual: Oruc tutulan "biyd"(Bu günlərdə
gecələr ay ətrafı daha çox işıqlandırdığı üçün, bu üç gün "biyd"
günləri adlanmışdır) günləri hansı günlərdir? Cavab: Hicri aylarının 13-ü, 14-ü və 15-i "biyd" günləri adlanır.
Sual: Heyz və nifas halında olan qadın oruc tuta bilərmi? Cavab: Bu hallarda onun oruc tutması haramdır.
Sual: Qadın ərinin izni olmadan nafilə orucu tuta bilərmi? Cavab: Peyğəmbər səllallahu aleyhi
və səlləm bunu qadağan etmişdir.(Bu hədisi Buxari və Muslim rəvayət
etmişdir) Qeyd etmək lazımdır ki, bu hökm ər səfərə çıxana qədər
qüvvədə qalır. Yəni, səfərdə olan ərdən oruc tutmaq üçün izn almaq
lazım deyil.
Sual: Davudun aleyhissəlam orucu deyildikdə nə qəsd edilir? Cavab: Bunun üçün Peyğəmbərin
səllallahu aleyhi və səlləm söylədiyinə nəzər salmaq kifayətdir:
"Allahın ən çox sevdiyi oruc Davudun aleyhissəlam orucudur. O, günaşırı
oruc tutardı."(Bu hədisi Buxari rəvayət etmişdir)
Sual: Cümə və şənbə gününü xüsusiləşdirib oruc tutmaq olarmı? Cavab: Xeyr, olmaz. Cümə günü oruc
tutmaq üçün ondan əvvəlki və ya sonrakı günü də oruc tutmaq
lazımdır.(Buna aid hədisləri Buxari və Muslim rəvayət etmişdir) Şənbə
gününə gəlincə, qeyd etmək lazımdır ki, bu gündə nafilə oruc tutmaq
ümumiyyətlə qadağandır.(Buna aid hədisi Əhməd, Əbu Davud, Tirmizi və
başqaları rəvayət etmişlər) Yalnız cümə ilə şənbə günlərini birgə
tutmağa rüsxət verilmişdir.
Sual: Qəza oruclarını tutmadan Şəvval ayının altı gününü tutmaq olarmı? Cavab: Bəli, olar.
Sual: Rəcəb və ya Şaban aylarında xüsusi oruclar varmı? Cavab: Buna dair heç bir mötəbər hədis varid olmamışdır.
Sual: Şaban ayının 30-u Ramazan ayının 1-i olduğunu güman edən və şəkk içində olan kəs həmin gün oruc tuta bilərmi? Cavab: Xeyr! O gün oruc tutmaq
haramdır. Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: "Hər kim şəkk
etdiyi gün oruc tutsa, Əbul-Qasimə (Əbul-Qasim Peyğəmbərin səllallahu
aleyhi və səlləm kunyasıdır) asi olar!" (Bu hədisi Buxari rəvayət
etmişdir)
Sual: Bayram günü oruc tutmağın hökmü nədir? Cavab: Bayram günlərində oruc tutmaq
haramdır. Ömər (r.a) demişdir: "Peyğəmbər səllallahu aleyhi və səlləm
bu iki gündə oruc tutmağı qadağan etmişdir; orucunuzu açdığınız gün,
qurbandan yediyiniz gün (ramazan və qurban bayramlarında)!" (Bu hədisi
Buxari və Muslim rəvayət etmişdir)
Sual: "Təşriq" (Təşriq – qurutmaq
deməkdir. Həcilər bu günlərdə qurban ətini qurudub saxladıqlarına görə
həmin günlər təşriq adlanmışdır) günlərində (zil-Hiccənin 11-i, 12-i və
13-ü) oruc tutmaq olarmı? Cavab: Xeyr, bu günlərdə oruc tutmaq
olmaz. Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: "Təşriq günləri
yemək-içmək və Allahı yad etmək günləridr!" (Bu hədisi Muslim rəvayət
etmişdir)
Sual: Təşriq günlərində oruc tutmamaq hamıya şamil edilirmi? Cavab: Xeyr! Təməttu (Təməttu – zövq
almaq, rahatlanmaq deməkdir. Həccin bu növü ona görə belə adlanır ki,
həcc edən şəxs ümrə ziyarətini yerinə yetirdikdən sonra ehramdan şıxır,
zil-Hiccənin 8-i yenidən ehrama girib ziyarətinə davam edir) və qiran
(Qiran – birləşdirmə deməkdir. Bu, ona görə belə adlanır ki, həcc edən
şəxs ümrə ziyarətini yerinə yetirdikdən sonra ehramdan şıxmır və
ziyarətinə davam edir) həcci edən, qurban kəsməyib əvəzinə oruc tutan
şəxsə aid deyil. Uca Allah buyurur: "Hər kim [qurbanlıq] tapmasa, həcc
əsnasında üç, [vətənə] qayıtdıqda isə yeddi gün oruc tutsun."
("əl-Bəqərə" surəsi, 196)
Sual: Şaban ayının 15-i ayrıca oruc tutmaq, gecəsini də ibadətlə keçirmək nə dərəcədə doğrudur? Cavab: Bu haqda heç bir mötəbər
dəlil varid olmamışdır. Lakin qeyd etmək lazımdır ki, 15-i də daxil
olmaqla Şaban ayının hamısını, yaxud çox hissəsini, yaxud da biyd
günlərində (13-ü, 14-ü və 15-i) oruc tutmaq olar. Peyğəmbər səllallahu
aleyhi və səlləm də belə edərdi. (Bu haqda hədisləri Suyuti rəvayət
etmiş və Albani onlari səhih hesab etmişdir)
Sual: Şaban ayının ortasına qədər oruc tutmayan şəxs, bu ayın qalan hissəsində oruc tuta bilərmi? Cavab: Xeyr! Belə ki, Peyğəmbər
səllallahu aleyhi və səlləm bunu qadağan etmişdir: "Şaban ayının ortası
gəlib çatdığı zaman Ramazan ayına qədər oruc tutmayın!"( Bu hədisi
Suyuti rəvayət etmiş, Albani də onu səhih hesab etmişdir)
Sual: İki və daha artıq günlərdə iftar etmədən dalbadal oruc tutmaq olarmı? Cavab: Olmaz. Çünki Peyğəmbər
səllallahu aleyhi və səlləm bunu qadağan etmişdir: "Hər kim (orucunu)
davam etdirmək istəyirsə, qoy səhura qədər davam etdirsin!" (Bu hədisi
Buxari və Muslim rəvayət etmişdir)
Sual: Rəcəb ayında hər hansı bir günü xüsusiləşdirib oruc tutmaq olarmı? Cavab: Xeyr, olmaz. Ümumiyyətlə
dəlil-sübutsuz olaraq hər hansı bir günü xüsusiləşdirib oruc tutmaq
İslam dini tamam olduqdan sonra ona əlavə edilmiş yenilikdir.
Sual: Səfərdə oruc tutmaq olarmı? Cavab: Həmzə ibn Amr (r.a) bu haqda
Peyğəmbərdən səllallahu aleyhi və səlləm soruşduqda o demişdir:
"İstəyirsən tut, istəyirsən tutma!"( Bu hədisi Buxari və Muslim rəvayət
etmişdir)
Ramazanla bağlı digər məsələlər
Sual: Orucu tərk edən kafir sayılırmı? Cavab: Bu məsələni iki hissəyə bölmək gərəkdir:
- Orucun gərəksiz olduğunu etiqad edən şəxs kafirdir;
- Səhlənkarlıq ucbatından orucu tərk edən şəxs isə kafir deyil sadəcə günahkar sayılır.
Sual: Namaz qılmayan şəxsin orucu qəbuldurmu? Cavab: Bu məsələni də iki hissəyə bölmək gərəkdir:
- Namazın gərəksiz olduğunu etiqad edən şəxs kafirdir və oruc
tutmağının heç bir faydası yoxdur; Peyğəmbərdən səllallahu aleyhi və
səlləm demişdir: "Bizimlə onların (kafirlərin) arasında olan əhd
namazdır. Hər kim onu tərk etsə, küfr etmiş olar."( Bu hədisi Əhməd,
Tirmizi, Nəsai və başqaları rəvayət etmişdir)
- Səhlənkarlıq ucbatından namazı tərk edən şəxsin orucunun qəbul olub-olunmaması isə Allaha aiddir.
Sual: Ramazan ayının üç gününü və ya axır on gününü oruc tutmaqla kifayətlənmək olarmı? Cavab: Xeyr, olmaz. Ramazan ayını tam şəkildə oruc tutmaq hər bir müsəlmanın borcudur.
Gecə namazları (təravih)
Sual: Bu namazlar nə üçün təravih adlanır? Cavab: Təravih dincəlmək mənasını
ifadə edir. Peyğəmbər səllallahu aleyhi və səlləm və səhabələr bu
namazları qılarkən dörd rəkətdən sonra dincələrdilər. Elə buna görə də
o, təravih adlanmışdır.
Sual: Təravih namazının hökmü nədir? Cavab: Bu namazı qılmaq sünnədir (Peyğəmbərin səllallahu aleyhi və səlləm etdiyi müstəhəb əməllərdəndir).
Sual: Bu namazı fərdi şəkildə qılmaq olarmı? Cavab: Bəli, olar. Lakin camaatla qılmaq daha əfzəldir.
Sual: Bu namaz mütləq məsciddə qılınmalıdırmı? Cavab: Xeyr, bunu evdə də qılmaq olar.
Sual: Oruc gecələrində daha hansı ibadətləri etmək yaxşıdır? Cavab: Bu gecələrdə Quran oxumaq, Allahı xatırlamaq, dua etmək, elm tələb etmək sünnəyə müvafiqdir.
Sual: Bu gecələrdə səhərə qədər oyaq qalmaq vacibdirmi? Cavab: Xeyr, vacib deyil.
Sual: Təravih namazı neçə rəkət qılınmalıdır? Cavab: Peyğəmbər səllallahu aleyhi və səlləm gecə namazlarını on bir və ya on üç rəkətdən çox qılmazdı.
Sual: Gecə namazlarını xüsusiləşdirməmək şərti ilə istənilən sayda qılmaq olarmı? Cavab: Bəli, olar. Belə ki, bir kişi
Peyğəmbərdən səllallahu aleyhi və səlləm gecə namazı barəsində
soruşduqda o, demişdir: "Gecə namazları iki (rəkət)-iki (rəkət)
qılınır...." (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir)
Sual: Gecə namazlarını dalbadal qılmaq, salamı isə yalnız sonuncu rəkətdə vermək olarmı? Cavab: İslam alimləri bu məsələdə
ixtilaf etmişlər, lakin bütün bu ixtilaflara son qoymaq üçün əksər
alimlərin rəyini götürüb yuxarıdakı hədisə istinad etməklə hər iki
rəkətdən sonra salam vermək daha münasibdir.
Sual: Təravih namazı nə vaxt qılınmalıdır? Cavab: Onu işa namazından sonra sübh namazına qədər olan vaxt ərzində qılmaq olar.
Sual: Təravih namazları arasındakı istirahət vaxtı moizə vermək və Ramazan gecələrində bir yerə yığışmaq olarmı? Cavab: Peyğəmbər səllallahu aleyhi və səlləm, səhabələr və onların ardıcılları belə şey etməmişlər.
Sual: Təravih namazları arasında su və s. içmək olarmı? Cavab: Bəli, olar.
Sual: Təravih namazlarında Qurandan nə qədər oxumaq olar? Cavab: Buna heç bir məhdudiyyət
yoxdur. Lakin camaata namaz qıldıran imam onların arasındakı qocaları,
qadınları və uşaqları nəzərə almalıdır.
Sual: Gecə namazları səslə qılınır, ya səssiz? Cavab: Gecə namazlarını həm səslə, həm də səssiz qılmaq olar.
Sual: Namaz qıldıranın səsinin gözəlliyinə görə yaxınlıqdakı məscidi qoyub uzaqda olan bir məscidə getmək olarmı? Cavab: Bəli, olar. Bir şərtlə ki,
namazı qıldıran şəxs bidət (Dində əsli olmayan, kamil olduqdan sonra
ona əlavə edilən hər bir şey bidət adlanır) əhlindən olmasın.
Sual: Təravih namazını qılan kəs Quranı üzündən oxuya bilərmi? Cavab: Namazda artıq-əskik hərəkət etmək qadağandır. Lakin xətalara yol verməmək üçün və başqa bu kimi səbəblərə görə bunu etmək olar.
Sual: Namazda ayələri və surələri tərtiblə oxumaq vacibdirmi? Cavab: Ayələri tərtiblə oxumaq
vacibdir. Surələri tərtiblə oxumaq barəsində ixtilaf olsa da belə
onları tərtiblə oxumaq sələfin yoluna daha uyğundur.
Sual: Namazda bərkdən-bərkdən ağlayaraq ətrafdakılara mane olmağın hökmü nədir? Cavab: Əgər bu, namaz qılanın
iradəsindən asılı deyilsə, onda bunun heç bir qorxusu yoxdur. Yox əgər
qəsdən edərsə, onda bu, onu riyakarlığa sürükləyər.
Sual: Vitr namazında hansı surələri oxumaq lazımdır? Cavab: Vitr namazında istənilən
surələri oxumaq olar. Lakin çox vaxt "əl-Alə" – "əl-Kafirun" –
"əl-İxlas" surələrini oxumaq müstəhəbdir.
Sual: Təravih namazını camaatla qılan kəs vitri qılmayıb gecənin axırına saxlaya bilərmi? Cavab: Bəli, saxlaya bilər. Lakin imamla axıra qədər qılmaq daha əfzəldir.
Sual: Qunutda hansı duaları etmək yaxşı olar? Cavab: Qunutda Quran və sünnədə varid olan duaları etmək daha yaxşıdır.
Sual: Hər gecə qunut tutmaq vacibdirmi? Cavab: Xeyr, vacib deyil. Əksinə, hərdən onu tərk etmək yaxşıdır ki, camaat onun vacib olduğunu güman etməsin.
Sual: Ramazan boyu hər gecə təravih namazlarını qılmaq vacibdirmi? Cavab: Ümumiyyətlə bu namaz
sünnədir. Odur ki, hərdən onu tərk etmək də olar. Lakin mömin bacardığı
qədər artıq savab qazanmağa can atmalıdır.
Sual: İşa namazını camaatla qılmağa çatmayan şəxs işa niyyəti ilə təravih namazına qoşula bilərmi? Cavab: Bəli, qoşula bilər. Bir
şərtlə ki, imam salam verdikdə o, salam verməməli, qalxıb axırıncı iki
rəkəti tamamladıqdan sonra salamları verib namazı bitirməlidir.